Abasova Xədicə

Abasova Xədicə

Share

.

06/10/2026

Ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonrakı
yeni tarixi mərhələ

2 oktyabr 2026-cı il tarixində Bakıda, Heydər Əliyev Mərkəzində ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda proqram xarakterli geniş nitq söyləmişdir.
Dövlət başçısının bu çıxışı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı yeni tarixi mərhələdə ölkənin daxili və xarici siyasət prioritetlərini müəyyənləşdirən mühüm bir strateji yol xəritəsidir.
Prezident İlham Əliyev YAP-ın növbəti qurultayının ilk dəfə olaraq suverenliyin tam təmin edildiyi bir şəraitdə keçirildiyini qeyd edərək, qazanılan tarixi qələbələrin əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, Ermənistanın vaxtilə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması məcburi xarakter daşıyırdı və bu addımın arxasında real güc reallığı dayanırdı. Ölkə maraqlarının qorunmasında prinsipiallığı önə çəkən dövlət başçısı vurğulamışdır: "Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı".
Çıxışda "Böyük Qayıdış" proqramı çərçivəsində aparılan işlərin dinamikasına da xüsusi diqqət çəkilmişdir. İşğaldan azad edilmiş ərazilərin bərpasına indiyədək 28 milyard manat vəsait ayrıldığı və artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşmasının təmin edildiyi bəyan olunmuşdur. Bu istiqamətdəki fəaliyyətin bir gün belə ara verilmədən, fasiləsiz şəkildə davam etdirilməsi prioritet vəzifə kimi müəyyən edilmişdir. Regional və qlobal təhdidlər fonunda Azərbaycanın müdafiə potensialının artırılması, ordunun modernləşdirilməsi və hərbi gücün davamlı olaraq möhkəmləndirilməsi dövlətin əsas strateji hədəflərindən biri olaraq qalmaqdadır.
Eyni zamanda, Azərbaycanın qlobal nəqliyyat və enerji dəhlizlərindəki rolu xüsusi qeyd olunmuşdur. Qurultayda orta müddətli dövr üçün ölkə ərazisindən keçən tranzit yüklərin həcminin 30 milyon tona çatdırılması hədəfi rəsmən səsləndirilmişdir.
Xarici manipulyasiyalara və dezinformasiya hücumlarına qarşı isə "İdeoloji Qalxan"ın yaradılmasının vacibliyi önə çəkilmişdir. Bu kontekstdə yeni nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə olunması və partiyanın kadr potensialının gəncləşdirilməsi siyasi varisliyin əsas şərti kimi təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı və dövlət başçısının çıxışı bir daha nümayiş etdirdi ki, YAP təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi qüvvəsidir. Prezident İlham Əliyev tərəfindən müəyyən edilən konseptual yanaşmalar ölkəmizin daxili sabitliyini qorumaqla yanaşı, onu daha qüdrətli və təhlükəsiz gələcəyə aparan inkişaf modelinin əsas təməlini təşkil edir.

Fikrət RZAYEV,
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor, Əməkdar müəllim

03/10/2026

Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli, sarsılmaz siyasi iradə və uzaqgörən strategiya bu gün də müstəqil Azərbaycanın zəfər yürüşünün əsasını təşkil edir

1991–1993-cü illər respublikanın müasir tarixində dövlət idarəçiliyinin zəiflədiyi, daxili sabitliyin pozulduğu və mürəkkəb geopolitik böhranın hökm sürdüyü mərhələ kimi qiymətləndirilir. Dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən qüvvələrin səriştəsizliyi, idarəetmədəki özbaşınalıq, dərin siyasi və iqtisadi böhran respublikanı vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu acınacaqlı şəraitdə sağlam düşüncənin və xalq iradəsinin tələbi ilə böyük siyasi xadim Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı zərurətə çevrildi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı mütləq əksəriyyətlə öz tarixi seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Həmin taleyüklü gündə atılan addım təkcə bir rəhbərin seçilməsi deyil, eyni zamanda müstəqil, qüdrətli və suveren Azərbaycan dövlətinin sarsılmaz təməlinin qoyulması, milli qurtuluşa gedən yolun başlanğıcı idi.
Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində xalqına sədaqət andı içərək bəyan etmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Öz ömrünü Azərbaycanın gələcəyinə həsr edən dahi rəhbər xilaskarlıq missiyasını yüksək peşəkarlıqla yerinə yetirdi. İlk növbədə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı və vətəndaş müharibəsi təhlükəsi tamamilə aradan qaldırıldı. Eyni zamanda, milli ordunun formalaşdırılması, ərazi bütövlüyünün qorunması və hüquqi dövlət təsisatlarının yaradılması istiqamətində məqsədyönlü, kompleks islahatlara start verildi.
Ulu Öndər Heydər Əliyev fenomeninin gücü onun qlobal düşüncəsində, uzaqgörənliyində və realist dövlətçilik təfəkküründə idi. Dahi orator və mahir diplomat olan Ümummilli Lider Azərbaycanın milli maraqlarına söykənən dəqiq, ölçülüb-biçilmiş xarici və daxili siyasət kursunu müəyyənləşdirdi. O, ölkənin milli ideologiyası olan azərbaycançılıq məfkurəsini formalaşdıraraq, təkcə respublika ərazisində yaşayan vətəndaşları deyil, dünya azərbaycanlılarını vahid məram ətrafında birləşdirdi. Ulu Öndər azərbaycançılıq ideologiyasının mahiyyətini vurğulayaraq bildirirdi: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.” Bu ideoloji təməl dövlətin qüdrətini artıran və milli özünüdərki yüksəldən mühüm siyasi amilə çevrildi.
Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması, azad bazar iqtisadiyyatına keçid və ölkənin dünya birliyinə inteqrasiyası Ümummilli Liderin həyata keçirdiyi peşəkar idarəetmə modelinin parlaq təzahürüdür. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” və ardınca reallaşdırılan Bakı-Tbilisi-Ceyhan kimi qlobal enerji-kommunikasiya layihələri Azərbaycanın beynəlxalq iqtisadi sistemdəki strateji mövqeyini möhkəmləndirdi. Bununla yanaşı, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk Milli Konstitusiya ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun sarsılmaz hüquqi bazasını yaratdı. Senzuranın ləğvi, insan hüquq və azadlıqlarının təmin edilməsi, məhkəmə-hüquq islahatları və Konstitusiya Məhkəməsi, Ombudsman kimi mühüm təsisatların yaradılması Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyinin əyani sübutu idi. Dahi rəhbər bu strateji kursu belə ifadə edirdi: “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəli gələn sözlərdir.”
Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli, sarsılmaz siyasi iradə və uzaqgörən strategiya bu gün də müstəqil Azərbaycanın zəfər yürüşünün əsasını təşkil edir. 1993-cü il oktyabrın 3-də xalqın yekdil seçimi ilə başlayan bu şərəfli yol Azərbaycanı beynəlxalq aləmdə söz sahibi olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, iqtisadi və hərbi cəhətdən qüdrətli bir dövlətə çevirdi. Ümummilli Liderin inamla bəyan etdiyi kimi: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik.” Bu gün bu dahi şəxsiyyətin arzuları gerçəkləşir, dalğalanan üçrəngli bayrağımız dövlətimizin əbədi müstəqilliyinin və sarsılmaz qüdrətinin rəmzi kimi ucalarda dayanır.

Dosent Lalə MÜRSƏLBƏYOVA,
ADPU SABAH Mərkəzinin rəhbəri

28/09/2026

Azərbaycan neft-qaz gəlirlərindən asılılığı azaltmaq istiqamətində qeyri-neft iqtisadiyyatını genişləndirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışı ölkənin iqtisadi inkişafında yeni strateji mərhələnin prioritetlərini müəyyən edib. Sentyabrın 26-da Bakıda keçirilən bu nüfuzlu tədbir qlobal investorları və maliyyə institutlarını bir araya gətirərək Cənubi Qafqazın iqtisadi sabitlik mərkəzi statusunu yenidən təsdiqləyib. Forum çərçivəsində təşkil olunmuş panel sessiyasında dövlət başçısı Azərbaycanın iqtisadi modeli, qlobal layihələr və xarici tərəfdaşlıq barədə mühüm strateji mesajlar verib.
Prezident İlham Əliyev öz çıxışında ilk növbədə Azərbaycanda investorların etimadını qazanan ən mühüm amilin hüquqi sabitlik olduğunu vurğulayıb. Dövlət başçısı xüsusilə qeyd edib ki, 30 il əvvəl xarici tərəfdaşlarla bağlanmış müqavilələr bu gün də tam toxunulmazdır, onların bir sözü və ya vergülü belə dəyişdirilməyib. Bu yanaşma beynəlxalq biznes mühitində ölkəmizin etibarlı tərəfdaş imicini möhkəmləndirən ən böyük rəqabət üstünlüklərindən biridir. Keçmiş layihələrin və neft-qaz sektorunun uğurlu idarə olunması hazırda Azərbaycanın xarici investorlar üçün tamamilə yeni və daha güclü layihələr portfelinə sahib olmasına zəmin yaradıb.
İqtisadiyyatın şaxələndirilməsi mövzusuna toxunan dövlət başçısı Azərbaycanın neft-qaz gəlirlərindən asılılığı azaltmaq istiqamətində qətiyyətli addımlar atdığını bildirib. Qeyri-neft sektorunun, xüsusilə innovasiya, süni intellekt və rəqəmsal transformasiya sahələrinin inkişafı ölkənin uzunmüddətli dayanıqlılığının əsas hədəfi kimi müəyyən olunub. Sənaye zonaları və xüsusi azad iqtisadi zonalar qlobal şirkətlərin regional bazarlara çıxışı üçün mükəmməl infrastruktur qismində çıxış edir.
Eyni zamanda, Cənubi Qafqazın və xüsusilə Azərbaycanın Avropa ilə Asiya arasında oynadığı strateji körpü rolu forumun əsas müzakirə istiqaməti olub. Azərbaycan qlobal təchizat zəncirinin yenidən qurulduğu hazırkı geosiyasi şəraitdə etibarlı Orta Dəhliz logistik marşrutunun mərkəzində dayanır. Bu strateji mövqe ölkənin bərpaolunan enerji potensialı ilə birləşərək yeni üfüqlər açır. Yaşıl enerji həm ixrac, həm də süni intellekt data mərkəzləri kimi yüksək enerji tələb edən sahələrin daxili təminatı üçün istifadə olunacaq ki, dövlət də bu məqsədlə yeni ötürücü şəbəkələrin qurulmasını sürətləndirir.
Tədbir təkcə bəyanatlarla məhdudlaşmayıb, həm də mühüm praktiki nəticələrlə yaddan qalıb. Forum çərçivəsində Azərbaycanın dövlət qurumları ilə xarici tərəfdaşlar arasında müxtəlif sahələri əhatə edən 11 mühüm əməkdaşlıq sənədinin mübadiləsi həyata keçirilib.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin qlobal investisiya xəritəsindəki yerini daha da möhkəmləndirib və Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli prinsiplər Azərbaycanın resurs potensialını yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli modelə çevirməkdə iddialı olduğunu bir daha sübut edib.

Dos. Allahverdi CƏFƏROV
ADPU-nun Riyaziyyat fakültəsinin dekanı

26/09/2026

27 Sentyabr – Anım Günü xalqımızın əzmkar birliyinin, şəhidlərimizin əbədi xatirəsinə dərin ehtiramın və şanlı Zəfərimizin təcəssümüdür

Azərbaycan xalqı hər il sentyabrın 27-də özünün şanlı və qürur dolu tarixini, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərinin əziz xatirəsini dərin ehtiram, sonsuz minnətdarlıq və yüksək qürur hissi ilə yad edir. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin 27 il boyunca kağız üzərində qalması, beynəlxalq təşkilatların ikili standartları, işğalçı Ermənistanın 200 ildən çox davam edən təxribatçı siyasəti və "yeni torpaqlar uğrunda yeni müharibə" iddiası haqqın, ədalətin bərpası üçün hərbi yolu qaçılmaz etmişdi. Bu ədalətsizliyə və ardıcıl hərbi təxribatlara son qoymaq məqsədilə 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlayan "Dəmir Yumruq" əməliyyatı – 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun mütləq və tarixi Zəfəri ilə başa çatdı. Döyüş meydanında alınan qisas və qazanılan Şanlı Qələbə nəticəsində 30 illik işğala son qoyuldu, Şuşa başda olmaqla digər şəhər və kəndlərimiz azad edildi, Ağdam, Kəlbəcər və Laçın isə bir güllə belə atılmadan, hərbi-siyasi yolla ölkəmizə qaytarıldı.
Bu tarixi Zəfəri bizə bəxş edən qəhrəman əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanan mərd gənclərimizin göstərdiyi misilsiz fədakarlıq və şücaət xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Dövlətimizin və xalqımızın şəhidlərimizə olan sonsuz ehtiramının təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən 27 Sentyabr – Anım Günü xalqımızın əzmkar birliyinin, şəhidlərimizin əbədi xatirəsinə dərin ehtiramın və şanlı Zəfərimizin təcəssümüdür. Bu əlamətdar gün çərçivəsində yalnız şəhidlərimizin əziz xatirəsi yad edilmir, eyni zamanda onların ailələrinə, qazilərimizə və hərbçilərimizə göstərilən dövlət qayğısı bir daha nümayiş olunur. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və avtomobillərlə təmin olunması, mənəvi-psixoloji və tibbi bərpası istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti, "YAŞAT" Fondu və aidiyyəti dövlət qurumları vasitəsilə kompleks tədbirlər ardıcıl olaraq həyata keçirilir.
Qazanılmış böyük Qələbənin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə Vətən Müharibəsi Qəhrəmanı adı daxil olmaqla müxtəlif orden və medallar təsis olunmuş, Hərbi Qənimətlər Parkı, Bakıda Zəfər parkı və Zəfər muzeyi kimi möhtəşəm memorial komplekslər salınmışdır. Şəhidlərimizin canı və qanı bahasına azad edilən torpaqlarda bu gün aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, "Böyük Qayıdış" proqramı çərçivəsində soydaşlarımızın mərhələli şəkildə doğma ocaqlarına qayıtması onların ruhuna edilən ən böyük töhfədir. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam və qətiyyətlə bərpa edilmiş, üçrəngli bayrağımız bütün ərazilərimizdə ucaldılmışdır. Beləliklə, şəhidlərimizin qanı yerdə qalmamış, azad edilmiş torpaqlarımızda gur dalğalanan bayrağımızın kölgəsində əbədiyyətə qovuşan xatirələri Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır.

s.e.ü.f.d. Anar FƏRMAYILOV,
ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı

24/09/2026

Azərbaycan regionun ən güclü metallurgiya və dağ-mədən mərkəzlərindən birinə çevriləcək
Prezident İlham Əliyevin rəhbərliyi ilə "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. Qısa müddətli — cəmi 4 ili əhatə edəcək bu strateji sənəd ölkə iqtisadiyyatında tamamilə yeni, müasir sənaye istiqamətinin formalaşmasına və qeyri-neft potensialının sıçrayışlı inkişafına zəmin yaradacaq. Ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi və neft amilindən asılılığın minimuma endirilməsi istiqamətində atılan bu konseptual addım maliyyətutumlu olmaqla yanaşı, yüksək mənfəətliliyi və zəncirvari iqtisadi effekti ilə seçilir. Layihələrin tam reallaşması nəticəsində ölkə büdcəsinə milyardlarla manat vəsaitin daxil olması, illik müsbət maliyyə təsirinin isə 1 milyard manatdan çox olacağı gözlənilir.
Dövlət Proqramının icrası təkcə ağır sənayenin dirçəlişi ilə məhdudlaşmır, həm də mühüm sosial-iqtisadi dividendlər vəd edir. Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin açılması nəzərdə tutulub ki, bu da regionların, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi dinamikasına güclü təkan verəcək. Xüsusilə Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən zəngin qızıl, mis və molibden yataqlarının müasir geoloji üsullarla tədqiqi və istismara verilməsi böyük strateji əhəmiyyət daşıyır. Ermənistanın işğalı dövründə talana məruz qalmış təbii resurslarımız artıq ölkəmizin iqtisadi qüdrətinin artırılmasına xidmət edəcək. Eyni zamanda, Naxçıvanda gələn ildən etibarən genişmiqyaslı geoloji kəşfiyyat işlərinə start verilməsi planlaşdırılır.
Yeni sənaye modelinin əsas fəlsəfəsi təbii resursları sadəcə xammal şəklində xaricə satmaqdan ibarət deyil, ölkə daxilində zənginləşdirmə və emal zəncirini tam yaradaraq son əlavə dəyərli məhsul almaqdır. Bu məqsədlə Qərb Sənaye Parkı təsis edilib, Daşkəsən filiz yatağı və ətraf bölgələrin potensialı əsasında filiz hasilatı, zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodlarının tikintisi nəzərdə tutulur. Avropa qitəsinin en perspektivli yataqlarından biri sayılan Balakəndəki "Filizçay" polimetal yatağının "AzerGold" QSC tərəfindən istismara hazırlanması sürətləndirilir, alüminium istehsalının isə 2030-cu ilə qədər 100 min ton həddinə çatdırılması planlaşdırılır. Bütün bu proseslərdə əsas sərvətimiz olan Azərbaycan təbiətinin qorunması prioritet elan edilib və layihələrdə ən yüksək beynəlxalq ekoloji standartlara əməl olunması tələb olunur.
Dövlət Proqramının maliyyə təminatı dövlət büdcəsi və investisiya proqramları hesabına tam zəmanət altına alınsa da, sahənin gəlirliliyi yerli və xarici özəl sektor üçün də böyük imkanlar açır. Dünya bazarlarında qiymətli metalların qiymətinin yüksək olduğu bir dövrdə Azərbaycan investorlara açıq əməkdaşlıq və tərəfdaşlıq mesajı verir. Beləliklə, 2027–2030-cu illəri əhatə edəcək bu proqram infrastruktur, energetika və kənd təsərrüfatı sahələrində əldə olunmuş uğurları tamamlayaraq, Azərbaycanı regionun ən güclü metallurgiya və dağ-mədən mərkəzlərindən birinə çevirəcəkdir.

Arzu DAŞDƏMİROV,
ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, Əməkdar müəllim

20/09/2026

Beynəlxalq hüququn aliliyini qorumaq üçün güclü, həmrəy və vahid platformadan çıxış edən təşkilatlara ehtiyac var

Müasir beynəlxalq münasibətlər sistemində sürətlə dəyişən geosiyasi reallıqlar, regional təhlükəsizlik riskləri və iqtisadi çağırışlar fonunda milli dövlətlərin birgə fəaliyyəti və strateji tərəfdaşlığı müstəsna əhəmiyyət kəsb edir. Naxçıvanda təməli qoyulmuş Türk Dövlətləri Təşkilatı (TDT) keçdiyi təxminən iyirmi illik tarixi inkişaf yolu ərzində regionda və qlobal miqyasda sülhün, sabitliyin, təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın aparıcı mexanizmlərindən birinə çevrilmişdir. Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik şuraları katiblərinin 5-ci iclasının keçirilməsi, təşkilata üzv dövlətlərin dini liderlərinin qəbul edilməsi və müntəzəm zirvə görüşlərinin təşkili bu platformanın yalnız siyasi-iqtisadi deyil, həm də təhlükəsizlik, mənəvi həmrəylik və humanitar sahələrdə necə dinamik və fəal işlədiyini nümayiş etdirir.
Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada rolunun və nüfuzunun ardıcıl olaraq yüksəlməsi onun geniş coğrafi məkanda yerləşməsi, malik olduğu zəngin təbii resursları, eləcə də Qərb ilə Şərq arasında qovşaq rolunu oynayan nəqliyyat-logistika və enerji dəhlizlərinə nəzarət etməsi ilə birbaşa bağlıdır. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan təkcə dünya iqtisadiyyatını enerji resursları ilə təmin edən aparıcı subyekt kimi deyil, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər dənizi vasitəsilə təbii ehtiyatların beynəlxalq bazarlara etibarlı tranzitini həyata keçirən mühüm qovşaq kimi çıxış edir. Bu kontekstdə, nəqliyyat bağlantıları və enerji təhlükəsizliyi təmin olunmadan ümumi regional təhlükəsizlikdən bəhs etmək mümkün deyil.
İkitərəfli və çoxtərəfli münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində həmişə prioritet istiqamət təşkil etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, "Türk dünyası bizim ailəmizdir". Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzaladığı müttəfiqlik bəyannamələri və müqavilələri, habelə yaradılmış birgə investisiya fondları bu qardaşlıq əlaqələrinin hüquqi və iqtisadi sütunlarını təşkil edir. Türkiyə ilə imzalanmış tarixi Şuşa Bəyannaməsi iki ölkə arasındakı müttəfiqliyi zirvəyə qaldırmış, bölgədə sabitliyin əsas qarantına çevrilmişdir. Eyni zamanda, Qazaxıstanın işğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına İncəsənət Mərkəzi inşası, Özbəkistanın Füzulidə məktəb tikintisi və digər qardaş dövlətlərin dəstəyi sarsılmaz mənəvi birliyin əyani təzahürüdür. Daşkənddə Nizami Gəncəvinin, Bakıda isə Əlişir Nəvainin abidələrinin ucaldılması xalqlarımızın ümumi etnik köklərə, mənəvi dəyərlərə və mədəni irsə sadiqliyinin rəmzidir.
Müasir dünyada baş verən münaqişələr, ikili standartlar və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda TDT məkanında hökm sürən daxili sabitlik, iqtisadi artım və gənc demoqrafik potensial böyük üstünlükdür. Xüsusilə gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə olunması və yad ideoloji təxribatlardan qorunması təşkilatın gələcək fəaliyyətində strateji yer tutur. BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini öz gücü ilə icra edərək suverenliyini bərpa edən Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüququn aliliyini qorumaq üçün güclü, həmrəy və vahid platformadan çıxış edən təşkilatlara ehtiyac var. Beləliklə, Türk Dövlətləri Təşkilatının potensialından maksimum istifadə edilməsi onun yaxın gələcəkdə qlobal qərarların qəbul olunduğu aparıcı beynəlxalq institutlardan birinə çevrilməsini təmin edəcəkdir.

Qürbət ƏSGƏROV,
ADPU-nun Hüquq şöbəsinin müdiri

20/09/2026

Qarabağda bərpa olunan suverenlik Cənubi Qafqazda yeni mədəni-iqtisadi dirçəliş mərhələsinin əsasını qoyur

Azərbaycanın çoxəsrlik dövlətçilik və siyasi tarixində elə dönüş nöqtələri var ki, onlar yalnız ərazi bütövlüyünün bərpası ilə deyil, həm də milli qürurun, hüquqi ədalətin və dövlət suverenliyinin tam təntənəsi ilə xarakterizə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təntənəli şəkildə qeyd edilməsi məhz belə bir tarixi zərurətin və strateji baxışın təcəssümüdür. Bu əlamətdar günün təsisi 30 il davam edən məşəqqətli işğal dövrünə, separatizmə və beynəlxalq hüququn pozulması hallarına son qoyulmasının, eyni zamanda minlərlə azərbaycanlı igidin canı və qanı bahasına qazanılmış tam qələbənin rəsmi rəmzidir. Məhz 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz hərbi birləşmələr tərk-silah edilmiş, separatçı rejimin mövcudluğuna tamamilə son qoyulmuşdur.
30 illik həsrətdən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağımızı ucaltması dövlətçilik tariximizin ən parlaq səhifəsindən birinə çevrilmişdir. 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən verdiyi andına sadiq qalan ölkə rəhbəri, keçən 20 il ərzində bütün milli resursları və diplomatik potensialı tək bir ali məqsədə — ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına yönəltmişdir. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərinin mərkəzi meydanında Vətən müharibəsindəki Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi restoresiya olunan dövlət gücümüzün və milli qürurumuzun bütün dünyaya nümayişi idi.
Postmünaqişə dövrünün akademik və sosial-iqtisadi təhlili göstərir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri regionun sosial-mədəni mənzərəsini köklü şəkildə dəyişir. Bu kontekstdə dövlət başçısının 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təsisi bölgənin elmi, intellektual və kadr potensialının bərpası baxımından strateji gələcəyə hesablanmış addımdır. Bununla yanaşı, mədəni və sosial həyatın bərpası rəmzi və praktiki hadisələrlə də özünü büruzə verir.
Bu proseslərin məntiqi nəticəsi olaraq, Böyük Qayıdış proqramı çərçivəsində əhalinin öz doğma yurdlarına köçürülməsi elmi əsaslarla və mərhələli şəkildə davam edir. Demoqrafik mənzərəyə nəzər salsaq görərik ki, artıq Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində 119 ailə (506 nəfər), Xocalı rayonunun şəhər və kəndlərində 1.167 ailə (4.841 nəfər), Xocavənd rayonunun məntəqələrində 988 ailə (4.070 nəfər), Ağdərə rayonunun kəndlərində isə 917 ailə (3.587 nəfər) daimi məskunlaşaraq öz ata-baba ocaqlarında yenidən dinc yaşamını sürdürür.
Prezident İlham Əliyevin azad olunmuş ərazilərə, o cümlədən Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə etdiyi çoxsaylı işgüzar və rəsmi səfərlər, infrastruktur obyektlərinin, yeni yaşayış komplekslərinin, sənaye müəssisələrinin, təhsil və səhiyyə ocaqlarının açılışı bölgənin dayanıqlı inkişafının zəmanətidir. Bu şəhər və rayonlarda Novruz tonqallarının alovlandırılması, Zəfər parklarının, Muzey və Memorial komplekslərinin təməlinin qoyulması və açılışı, eləcə də beynəlxalq sammitlərin və forumların keçirilməsi Qarabağın artıq geosiyasi və iqtisadi baxımdan tam inteqrasiya olunduğunu təsdiqləyir. Beləliklə, Qarabağda bərpa olunan suverenlik Cənubi Qafqazda yeni mədəni-iqtisadi dirçəliş mərhələsinin əsasını qoyur, 20 Sentyabr tarixi isə sadəcə təqvimdəki bir gün deyil, Azərbaycanın siyasi müstəqilliyinin, hərbi qüdrətinin və sarsılmaz milli birliyinin əbədiləşən təcəssümüdür.

K.ü.f.d. Reyhan AĞAYEVA,
ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı

20/09/2026

Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Hər bir xalqın siyasi tarixində onun varlığını, institusional davamlılığını və gələcək inkişaf vektorunu müəyyən edən strateji dönüş nöqtələri mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncama əsasən hər il sentyabrın 20-nin "Dövlət Suverenliyi Günü" kimi təsis edilməsi xalqımızın əsrlər boyu davam edən müstəqillik və dövlətçilik mübarizəsinin məntiqi, hüquqi və siyasi kulminasiya nöqtəsidir. Beynəlxalq hüquq nəzəriyyəsində suveren dövlət ali hakimiyyəti təmsil edən, daxili və xarici siyasətində tam müstəqil olan, başqa bir gücdən asılı olmayan və özünün tanınmış coğrafi ərazisində mütləq yurisdiksiyaya malik subyekt kimi xarakterizə olunur. Bu baxımdan, 20 sentyabr tarixi Azərbaycan Respublikasının özünün konstitusiya quruluşunu və dövlət hakimiyyətinin aliliyini bütün ölkə ərazisində qeyd-şərtsiz təmin etdiyi şanlı zəfər günüdür.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra üzləşdiyi 30 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasəti BMT Nizamnaməsinin prinsiplərini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmuşdu. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasız qalması, uzanan danışıqlar prosesinin nəticəsizliyi fonunda 2020-ci ilin 44 günlük Vətən müharibəsi işğala son qoydu və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Lakin suverenliyin tam və tamhüquqlu bərpası üçün zəruri institusional və hərbi-siyasi addımların atılması qaçılmaz idi. Bu istiqamətdə ilk mühüm addım 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsinin qurulması oldu ki, bu da bir güllə belə atılmadan dövlət sərhədlərimiz boyunca mütləq nəzarətin bərqərar olunmasını təmin etdi.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına cavab olaraq başlanan və cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri ilə separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bir gündən az davam edən bu əməliyyat nəticəsində beynəlxalq hüquq zəfər çaldı, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və ordu-xalq birliyinin sarsılmaz gücünü bir daha nümayiş etdirdi. Bu tarixi nailiyyətin əbədiləşdirilməsi məqsədilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması, eləcə də Bakı Metropoliteninin yeni stansiyalarından birinə “20 Sentyabr” adının verilməsi dövlət yaddaşının və milli identikliyin möhkəmləndirilməsinə xidmət edən strateji qərarlardır.
Bu gün Azərbaycan xalqı tam suveren, sərhədləri toxunulmaz və daxili sabitliyi sarsılmaz olan güclü bir dövlətdə yaşayır. Suverenliyin tam bərqərar olunması ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artırmaqla yanaşı, azad edilmiş ərazilərimizdə həyata keçirilən Böyük Qayıdış proqramına, iqtisadi yüksəlişə və elmi-mədəni dirçəlişə yeni təkan verir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü şəhidlərimizin qanı və qəhrəman qazilərimizin rəşadəti hesabına qazanılmış milli sərvətimiz, müstəqil dövlətçilik varlığımızın ən böyük qarantıdır.

Dosent Asif AXUNDOV,
ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru

15/09/2026

44 günlük Vətən müharibəsindən və 2023-cü ilin antiterror tədbirlərindən sonra müharibədə məğlub olan Ermənistan sülhə məcbur edilib
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri beynəlxalq birliyin regiondakı yeni reallıqları qəbul etməsinin bariz göstəricisidir. Xarici diplomatların ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinə bu cür səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini növbəti dəfə sübut edir.
Lakin diplomatik korpusun bu səfərinə Ermənistan cəmiyyətinin və siyasi dairələrinin göstərdiyi reaksiya qəbuledilməzdir və dərin təəssüf doğurur. Qarabağ Azərbaycanın suveren ərazisi olduğu halda, Ermənistan cəmiyyətinin xarici diplomatları öz ölkələrinin ərazisindəki qanuni hərəkətlərinə görə hədəfə alması, onları linç etməyə çalışması Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Bu cür reaksiya rəsmi İrəvanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması barədə bəyanatları ilə kökündən ziddiyyət təşkil edir.
Ermənistan cəmiyyətində nümayiş olunan bu yanaşma eyni zamanda dərin tarixi saxtakarlıq və irqçi düşüncəyə əsaslanır. Ermənistan Gəncəsər və Xudavəng kimi Qafqaz Albaniyasına aid tarixi-mədəni abidələri saxtalaşdıraraq "erməni irsi" kimi təqdim edir, lakin eyni zamanda öz ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların varlığını və zəngin mədəni irsini büsbütün inkar edir. Bu cür ikili standart və Qafqaz Albaniyası irsinin danılması faktiki olaraq irqçilik və dözümsüzlük təzahürüdür.
Aparılan təhlillər göstərir ki, anti-Azərbaycan xarakterli bu məlumat kampaniyasının arxasında yalnız radikal müxalifət deyil, bilavasitə Ermənistan hakimiyyətinin özü dayanır. Paylaşılan destruktiv bəyanatlar və Ermənistan parlamentinin sədrinin açıqlamaları, eləcə də 2022-ci ilin sentyabrında sərhəd təxribatlarını törədən hərbçilərin parlamentdə anılması revanşizm əhval-ruhiyyəsinin dövlət səviyyəsində körükləndiyini göstərir. Bu cür addımlar rəsmi İrəvanın sülh prosesində tamamilə qeyri-səmimi olduğunu nümayiş etdirir.
Faktiki olaraq, 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin antiterror tədbirlərindən sonra müharibədə məğlub olan Ermənistan sülhə məcbur edilib və Paşinyan hakimiyyətinin sülhə getməkdən başqa yolu qalmayıb. Lakin hakimiyyətin dirijorluğu ilə həyata keçirilən son kampaniyalar sülh prosesinə qəsdən zərbə vurmaq niyyəti daşıyır. Ermənistanın indiki ərazisində — Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaraddığı məscidləri, qəbiristanlıqları və abidələri qəsdən məhv etməsi 1954-cü il Haaqa Konvensiyasının və UNESCO qərarlarının kobud şəkildə pozulmasıdır. Buna baxmayaraq, Azərbaycan öz ərazisindəki bütün tarixi abidələri dövlət səviyyəsində qoruyur və regionda davamlı sülhün bərqərar olunması istiqamətində öz prinsipial xəttini davam etdirir.

Turan KƏRİMLİ,
ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri

Category

Website

Address


Bakı
Baku

Alerts

Be the first to know and let us send you an email when Abasova Xədicə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Baku.